EKSİSTANSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə [axirət üçün özünə nə hazırladığına] nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin! Onlar [Allahın itaətindən çıxmış] fasiqlərdir!
(Həşr 18-19).
Keçən söhbətlərimizin sonunda digər bir məktəbə, daha doğrusu ən müasir məktəbə və onun kamil insan barəsindəki nəzəriyyələrinə toxunduq. Bu məktəb insanın kamillik me᾽yarı, daha doğrusu insanın cövhəri və insani dəyərlərin ən dəyərlisini «azadlıq» hesab edərək deyir ki, insan, bu dünyada azad yaradılmış yeganə varlıqdır. Yə᾽ni heç bir icbar və zərurət onu öz tə᾽sir altına almır. Keçmiş alimlərin dili ilə desək, insan yaradılış aləmində məcbur deyil, muxtar olan varlıqdır. Bə᾽zilərinin dili ilə isə: İnsandan başqa hər nə varsa məcburidir, yə᾽ni bir sıra səbəb və amillərin icbari tə᾽siri altındadır, amma insan məcbur deyil və onu heç bir səbəb və icbar idarə etmir.
EKSİSTANSİALİZM MƏKTƏBİNDƏ VÜCUDUN ƏSALƏTİ
Bu məktəbin dediyi digər bir mətləb də budur ki, bu dünyaya azad və muxtar gəlmiş insan, digər varlıqların əksinə olaraq xüsusi təbiətə malik deyildir. Dünyada, hər bir şey xüsusi təbiət və mahiyyətlə yaradılıb. Məsələn, daş daş xüsusiyyətinə malik olaraq yaradılıb və o, daş deyil, kəssək ola bilməz, pişik pişik təbiətli, at isə at təbiətli yaradılıb. Amma insan heç bir xüsusi təbiətə malik deyil və təbiəti onun özü, özünə verir. Azad və muxtar yaradılmış insanın azadlıq və ixtiyar dairəsi onun özünə təbiət və mahiyyət verməsi həddindədir. Buna vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi deyilir.
«Vücud və ya mahiyyətin əsaləti» bizim işlətdiyimiz nisbətən qədim terminlərdəndir və onun ömründən, yə᾽ni məşhur filosof Molla Sədranın dövründən təqribən 350 il keçir. Amma filosoflar vücud və mahiyyətin əsaləti terminini təkcə bu barədə deyil, bütün şeylər barəsində işlədir və ondan vücudun əsaləti adı ilə terminalogiyaya daxil olmuş başqa bir mə᾽na nəzərdə tuturlar. Eksistansialist məktəbinin, «insan digər varlıqlardan xüsusi və müəyyən təbiətə malik olmaması və öz təbiətini özü müəyyənləşdirməsinə görə üstündür» deyərək vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi adlandırdığı bu mətləb isə bizim fəlsəfə, xüsusilə Molla Sədra fəlsəfəsində başqa ibarətlər və çox möhkəm dəlillərlə bəyan edilib. Onlar isə bu mətləbi başqa yol və ifadələrlə sübut ediblər. İnsanın sabit təbiətə malik olmaması və onun özünün özünə təbiət verməsi də həqiqətdir.
Bizim dini mətnlərimizdə, keçmiş ümmətlərin öz mahiyyətlərini itirmələri, indiki insanların əxlaq və xüsusiyyətləri və ya onların qiyamətdə məhşərə çəkilmələri barəsində, yə᾽ni insanların hamısının məhşərə bir cür deyil, bə᾽zilərinin insan, bə᾽zilərinin isə heyvan sifətində gələcəkləri barəsindəki ifadələr də bu səbəbdəndir. Hamının insan doğulması və dünyaya insani fitrətlə gəlməsinə baxmayaraq, onun həyatın gedişində öz mahiyyətini dəyişərək heyvana çevrilməsi mümkün bir şeydir. Bəli, bu bir həqiqətdir. Hər halda bu məktəbin əsas nəzəriyyələrindən biri, insanın muxtar və məs᾽uliyyətli yaradılmasıdır ki, bu öz yerində düzgün bir anlayışdır.
Bildiyimiz kimi, müsəlmanlar arasında bir-birinə zidd iki qrup – icbar və cəbrə inanan Əşairə, eləcə də tam azadlıq və ixtiyara e᾽tiqadlı olan Mö᾽təzilə – vardır. Şiə və Əhli-beyt məktəbi isə məsələnin bu iki əqidə arasında yerləşən orta mövqedə olduğunu deyir və nə Əşairənin icbar əqidəsini və nə də Mö᾽təzilənin tam ixtiyar inamını qəbul edir. Eksistansializmin tam azadlıq adlandırdığı şey Mö᾽təzilənin dediyi mütləq ixtiyar məsələsidir. İslam baxımından icbar yoxdur, amma ixtiyar var. Bizim imamlarımız buyurublar ki, məsələn, nə bu günkü materialistlərin dediyi kimi icbardır və nə də eksistansialistlərin dedikləri ixtiyar və azadlıq, həqiqət bu iki əqidə arasında yerləşən ixtiyar mövqeyidir. Deməli, insanın ixtiyar və azadlıq məsələsi, ona icbarın hakim olmaması və onun ixtiyarını əlindən almaması həddinə qədər düzdür. Həmçinin insanın canlı və ya cansızlığından asılı olmayaraq, bütün varlıqların əksinə olaraq sabit və dəyişməz təbiətə malik olmaması və onun, təbiətini özü formalaşdırması fikri də düzdür.
İNSAN ASILILIĞININ NƏTİCƏLƏRİ
Bu məktəb azadlıq barəsində başqa bir mətləb də söyləyib. Onun «insan azad və muxtar yaradılıb və hətta o, öz təbiətini özü tə᾽yin edir» sözləri fəlsəfi azadlıq mə᾽nasındadır. Amma sonra belə deyir: Azadlığa zidd olan hər bir şey insanı insanlıqdan çıxarır və onu bu nöqtədən uzaqlaşdırır.
İnsan zatən azad yaradılıb. Bir sıra amillər, o cümlədən bağlılıq və asılılıqlar insanın azadlığını əlindən ala bilər. İnsan mahiyyətindən asılı olmayaraq, hər hansı bir şeyə bağlananda və ona təslim olanda insanlıqdan çıxır. Onlar həmin şəxsin insanlıqdan çıxmasının səbəbində deyirlər ki, hər hansı bir şeyə bağlanan insanın azadlığı əlindən çıxdığı üçün, o, insanlıqdan xaric olur. İnsan azad və sərbəst varlıqdır. Onun, özünü nəyəsə bağlaması, onun azadlıq və sərbəstliyini əlindən alır.
İnsanın müəyyən bir şeyə bağlılığının bir neçə zəruri və qaçılmaz nəticəsi var. Birincisi, insan pul və ya bu kimi digər bir şeyə bağlandıqda həmin şey insanın fikrini özünə cəlb edir və onun diqqətini özündən uzaqlaşdırır və nəticə insanın özünü unudaraq özündən qəflət etməsi və başqalarına diqqət yetirməsi olur. Bəli, insan bir şeyə bağlanan kimi, həmin bağlılıq onun sərbəstliyini əlindən alır və onun özünü özünə unutdurur və diqqətini həmin şeyə cəlb edir. Həmin insan heç vaxt özünü yad etmir və həmişə həmin istəyinin fikrində olur. Bu, insan üçün tənəzzülə uğramaqdır; o, insanın azadlıq və agahlığını əlindən alır və insan agah varlıq olmaq əvəzinə, qafil və nadan varlığa çevrilir. O, həmin şey barəsində nə soruşsanız cavab verər, amma özündən xəbərsiz olar.
Bağlılığın ikinci zəruri nəticəsi isə, insanın öz insani dəyərlərindən qafil olaraq məftun olduğu şeyin dəyərlərinə diqqət yetirməsidir. Pulpərəst adam üçün insani dəyərlər əhəmiyyətsiz olur və ümumiyyətlə onun özü, özünü dəyərləndirmir; şərəf, kəramət, azadlıq və bu kimi şeylər onun zehnində heç bir rol oynamır; onun üçün yeganə şey puldur. O, öz dəyərlərini deyil, pulun dəyərlərini əsas dəyər hesab edir. Onun öz qiymət və şərəfi tənəzzülə uğrayır və pulun dəyəri canlanır.
Üçüncü xislət, bir şeyə bağlılığın əsirliklə nəticələnməsidir. Özünü bir şeyə bağlayan insan, mütləq, hərəkət və təkamüldən geri qalmalıdır. Çünki belə bir insan, ağaca və ya tövlədəki mıxa bağlanmış heyvan kimi, həmin şeyə bağlanmış olur. Əgər siz, bir insan, heyvan və ya maşını ağaca bağlasanız onu hərəkətdən saxlamış olursunuz; onu donduraraq ətalətdə saxlayırsınız.
BU MƏKTƏB BAXIMINDAN ALLAHA E᾽TİQAD MƏSƏLƏSİ
Deməli, bu məktəb baxımından insanın cövhər və həqiqəti, insani dəyərlərin ən dəyərlisi, başqa sözlə desək, insani dəyərlərin anası azadlıq və ixtiyardır, insanlığını qorumaq və məhv olmaqdan saxlamaq istəyən şəxs isə azadlığını qorumalıdır. İnsanlığını qorumaq istəyən adam «ay üzlü nigara bağlılıq» və «haqq aşiqi olmaq» məsələlərini yığışdırmalıdır.
Bu məktəb deyir ki, insan tam azad olmalıdır. Buna görə də, eksistansializm məktəbi nəzəriyyələrinin çoxu dialektik materializmlə zidd olmasına baxmayaraq, onun davamçılarının bir qrupu Allaha inamın iki baxımdan bu məktəblə düz gəlmədiyini vurğulayırlar. Həmin iki səbəbdən biri budur ki, Allaha inam ilahi təqdirə, ilahi təqdir isə icbara və insanın sabit təbiətə malik olmasına e᾽tiqad bəslənilməsini tələb edir. Çünki Allah varsa, insan Onun elmində müəyyən təbiətə malik olmalıdır və həmçinin Allahın olması insana ilahi təqdir və onun nəticəsində yaranan icbarın hakim olmasına səbəb olur və nəticədə azadlıq və ixtiyar aradan götürülür. Buna görə də biz azadlığı qəbul etdiyimiz üçün Allahı qəbul etmirik.
Digər səbəb isə budur ki, Allaha inamın azadlığa inamla zidd olması nəzərə alınmasa belə, həmin inam Allaha iman gətirilməsini tələb edir və bu imanın mə᾽nası Allaha bağlanmaq deməkdir, halbuki bağlılıq malik olduğu formadan asılı olmayaraq, insan azadlığına ziddir. Xüsusilə Allaha bağlılıq daha kəskindir, çünki bu bağlılıq bütün bağlılıqların başındadır. Şair demişkən:
Mən bəsteye to həstəm mohtace bəstəni nist
Əhdi ke ba to bəstəm hərgez şekəstəni nist.
Yə᾽ni: Mən sənə bağlıyam, bağlanmaq üçün başqa şeyə ehtiyac yoxdur; səninlə bağladığım əhd heç vaxt sınmaz.
Allaha olan bağlılığı heç bir şəkildə sındırmaq olmaz. Buna görə də bu məktəb insanın kamilliyini onun azadlığında görür.
Bu məktəb barəsində iki cəhətdən danışmaq olar: Birincisi, onların Allaha inamı, azadlıq və ixtiyara zidd hesab etmələridir. Bu, onların səhvlərindən biridir. Biz «Materializmə yönəlmənin səbəbləri» və «İnsan və taleh» kitablarında bu mətləbi izah edib məsələnin onlar deyən kimi olmamasını bildirmişik. Onlar ilahi təqdir barəsində qoca qarılar kimi fikirləşirlər. Bəli, onlar bu məsələni düzgün dərk etməyiblər, çünki islam maarifində olan ilahi təqdir məsələsi azadlıq və ixtiyarla heç cür zidd deyildir. Söhbətimizin əsas mövzusu bu məsələ olmadığı üçün onun haqqında çox danışmaq istəmirəm. Bizim söhbətimiz, ikinci hissə barəsindədir.
Bu məktəbin ikinci iradı «bütün bağlılıqlar insan azadlığına ziddir, hətta həmin bağlılıq Allaha bağlılıq olsa belə!» deməsidir. Mən burada bir müqəddimə gətirmək istəyirəm.
KAMİLLİK «ÖZ»DƏN «ÖZ»Ə OLAN HƏRƏKƏTDİR
Təkamül yolunda hərəkət edən bir varlıq təsəvvür edin. Məsələn, torpaqdan göyərərək inkişaf edib gül açan bir bitkini təsəvvürünüzdə canlandırın. Yaxud bir heyvanın yaranmasına səbəb olan və əvvəldən heyvan olana kimi mərhələləri keçən hüceyrə, yə᾽ni zəif vəziyyətdən başlayaraq ən yüksək təkamül mərhələsinə çatan varlıq haradan-haraya hərəkət edir? O, özündən başlayıb qeyri bir varlıq olmağa doğru hərəkət edirmi, yə᾽ni yad bir şeyə çevrilirmi?
Başqasından özünə doğru hərəkət edirmi? Başqasından başqasına doğru irəliləyir, yoxsa özündən özünə doğru gedir? Onun özündən başlayıb qeyrisinə doğru hərəkət etməsini deməyin mə᾽nası budur ki, o, nə qədər ki, hərəkət və inkişaf etməyib özü olur, amma hərəkətə başladıqdan sonra özünə yadlaşaraq özündən ayrılır və bundan sonra özü olmur. Keçmiş filosoflardan bə᾽ziləri deyiblər ki, «hərəkət qeyriliyin yaranmasıdır», yə᾽ni hərəkət başqalaşmanın özüdür. Əlbəttə bu səhv sözdür.
Məsələ budur ki, gül toxumu və ya insanın nütfəsi inkişaf etməyə başladığı ilk andan, kamilliyin son hədəfinə çatana kimi «öz»ündən «öz»ünə doğru hərəkət edir, yə᾽ni onun «öz»ü və gerçəkliyi bir həqiqətdir. Onun «öz»ü xüsusi olaraq, nə əvvəldəki, nə ortadakı və nə də sondakı vəziyyətdədir. Onun «öz»ü əvvəldən axıra kimi «öz»üdür; o, axıra çatdıqca daha da «öz»ləşir, yə᾽ni onun «öz»ü daha kamil olur. Bəli, o, «öz»ündən «öz»ünə doğru hərəkət edir, amma naqis «öz»dən kamil «öz»ə doğru! Həmin gül şüura malik olmamasına baxmayaraq, öz kamilliyinə doğru hərəkət edir. Görəsən həmin gülün şüuru olsaydı, o, yenə də bu kamilliyə eşq bəsləməyəcəkdimi? Bütün varlıqlar fitri olaraq öz kamilliklərinin aşiqidirlər; həmin gül də, cansız təbiət də öz kamilliyinin vurğunudur; bu məsələ, yə᾽ni kamilliyin aşiqi olmaq bütün varlıqlara aiddir. Buna görə də hər hansı bir varlığın özünün son kamalına bağlılığı Sarterin nəzərinin əksinə olaraq özünə yadlaşma deyil, özündə daha çox qərq olmaqdır! Yə᾽ni daha çox «öz» olmaqdır. Azadlığın insanın hətta öz kamilliyindən azad olması mərhələsinə çatması, yə᾽ni onun hətta özündən azad olması dərəcəsinə çatması, özünə yadlıq gətirir və bu, insanın kamilliyinə zidd olan azadlıqdır. Azadlığın insanın kamilliyinə də şamil olması, yə᾽ni həmin varlığın kamillik mərhələsini də əhatə edərək «mən hətta öz kamillik və təkamül mərhələsində də azadam» mə᾽nasını verməsi o deməkdir ki, mən «öz»ümdən daha kamiləm və mənim naqis «öz»üm, daha kamil «öz»ümdən azaddır. Bu azadlıq, insanı özündən, onun öz kamilliyinə bağlılığından çox uzaqlaşdırır.
Bu məktəbdə insanın başqasına bağlılığı ilə özünə, yə᾽ni öz kamilliyinə bağlılığı arasında fərq qoyulmayıb. İnsanın özündən başqa digər bir yad zata bağlanmasını, onun mahiyyətinin dəyişməsinə səbəb olmasını biz də qəbul edirik. Dinlərdə, dünyanın maddi şeylərinə bağlılıq nə üçün bu qədər qadağan edilib? Çünki maddiyyat insana yaddır və doğrudan da insani dəyərlərin tənəzzülünə səbəb olur. Amma insanın son kamillik nöqtəsinə bağlılığı yad bir şeyə deyil, «öz»ünə bağlılıqdır. İnsanın özünə bağlılığı, onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, yaxud insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir, çünki hər hansı bir şey son hədəfinə bağlananda ona doğru tələsir və hərəkət edir.
BU MƏKTƏBİN İNSANIN ALLAHLA ƏLAQƏSİ BARƏSİNDƏKİ SƏHVİ
Cənab Sarter! Allah iki səbəbə görə insana yad deyil. Birincisi, insanın Allaha bağlılığı onun, öz zatına zidd və yad bir şeyə bağlılığı deyil və buna görə də insan Allaha bağlananda özünü unutmur. Çünki o, Allahı yadına salır. İslam fəlsəfəsində hər bir şeyin yaradıcı və vücuda gətirən amil və səbəbinin və hər bir şeyin zatının dayağının, yə᾽ni şeyin dayağı olan yaradıcı səbəbin həmin şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan və sübut edilib.
Qur᾽an buyurur ki, «Biz sizə sizin özünüzdən də yaxınıq. Bizim sizə olan yaxınlığımız sizin özünüzə olan agahlığınızdan çoxdur və bizim zatımız sizə, sizin özünüzdən də yaxındır.» Qur᾽anın bu ifadəsi doğrudan da çox maraqlıdır. Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Qur᾽an deyir ki, Allah hər bir şeyə onun özündən də yaxındır, çünki, Allah hər bir şeyə onun özündən daha çox «öz»dür. Əlbəttə bu çox ali səviyyəli bir sözdür.
Əli (ə) buyurub: «Allah şeylərdən xaricdə və onlardan ayrı deyil, amma eyni zamanda onların daxilində də deyil.» Bu Nəhcül-bəlağənin istinad etdiyi mətləblərdən biridir.
İkincisi, Qur᾽anın insanın Allaha bağlı olmasını deməsinin səbəbi onun, Allahı insan hərəkətinin son nöqtəsi hesab etməsidir və o, insan yolunun ona tərəf getməsini bildirir. Deməli, insanın Allaha üz tutması, onun öz kamalına diqqətidir, yə᾽ni bu, həmin gül toxumunun öz kamilliyinin son nöqtəsinə diqqəti kimidir. İnsanın Allaha tərəf getməsi onun özünə tərəf, yə᾽ni naqis «öz»ündən kamil «öz»ünə doğru getməsidir.
Deməli, Allahı da digər şeylərlə müqayisə edən və insanın Allaha tərəf getməsini onun özünü unutması və hərəkətdən qalması hesab edən şəxs səhvə düçar olub.
İNSANIN «ÖZ»ÜNDƏN VƏ «ALLAH»DAN AGAHLIĞI
Allah insana o qədər yaxındır ki, insanın Ondan agahlığı, eyni ilə özündən agah olmasıdır və insan Allahdan xəbərdar olanda özündən xəbərdar ola bilər. Kiminsə «öz»ündən xəbərdar olaraq Allahdan xəbərsiz və qafil olması qeyri-mümkündür. Qur᾽an buyurur: «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir!» Bəli, Allahı unudan özünü unudub. İnsan Allahını tapanda özünü tapır, Onu unudanda isə özünü də unudur. Qur᾽an eksistansializmin sözlərinin əksini buyurub. Onlar deyirlər ki, insanın diqqəti Allaha yönəldikdə o, Allahdan agah olaraq özünü unudur. Qur᾽an isə buyurur ki, insan yalnız Allahdan agah və xəbərdar olanda özündən xəbərdar ola bilər. Bu, Qur᾽anın ən ali və dəqiq insani və psixoloji mətləblərindəndir və doğrudan da çox heyrətləndirici məsələdir.
Qur᾽an deyir ki, insan bə᾽zən özünü unudur. Bu ilahi kitabın buyurduğu mətləblərə əsasən ən böyük məğlubiyyət və uduzmaq bütün pullarını, var-yoxunu və ya namusunu uduzmaq deyildir, ən böyük uduzan özünü uduzmuş şəxsdir. İnsan özünü uduzanda hər şeyini uduzmuş olur. Bəli, insanın özünü uduzması onun hər şeyini uduzması deməkdir.
İbadətin fəlsəfəsi nədir? İbadətin fəlsəfəsi insanın özünü tapmaq üçün Allahı tapmasıdır; Qur᾽anın buyurduğu kimi özünü həqiqi mə᾽nada tapmaq və özündən xəbərdar olmaqdır. Bəşəriyyət bu mətləbi hələ ki, dərk edə bilməyib və bunu yalnız islam məktəbindən ilham alan şəxslər dərk ediblər. Siz əgər islam dünyasında Mühyiddin Ərəbinin peyda olaraq insanın özündən agahlığını təfsir etməsini görürsünüzsə və bu bəhsi ondan sonra Mövləvi və digər şagirdlərin davam etdirməsini müşahidə edirsinizsə, nəzərə almalısınız ki, onlar Qur᾽andan altı yüz il sonra gəlib və bu ilahi kitabdan ilham alıblar. Əlbəttə onlar Qur᾽andan altı yüz il sonra gəliblərsə də, müasir filosoflardan 700 il qabaq olmaq iftixarına da malikdirlər.
Mövləvi, insanın özünüdərk və şüurun ilahi agahlıqdan ayrı olmaması barəsində belə deyib:
İqtizayi can çe ey del agəhist
Hər ke agəhtər bovəd canəş qəvist.
O, bu şe᾽rdə deyir ki, ruh agahlıq deməkdir və kimin agahlığı çoxdursa onun ruhu da güclüdür. İnsan ruhunun heyvan ruhundan güclü olmasının səbəbi onun daha çox agah olmasına görədir. O, şe᾽rin davamında mətləbi yavaş-yavaş dəqiqləşdirdikdən sonra deyir ki, insan Allahından xəbərdar olanda özündən də xəbərdar və agah olur!
Buna görə də onların, hər bir bağlılığı azadlığa zidd təsəvvür etmələrinə cavab olaraq demək lazımdır: Bəli, Allaha bağlılıqdan başqa hər bir bağlılıq azadlığa ziddir. Amma Allaha bağlılıq belə deyil, çünki o, insanın özünə – kamil «öz»ə – bağlılığıdır və azadlıq Allaha bağlılıqdan başqa heç bir şeylə yaranmır. Deməli, ilahi şüur və agahlıq insanın özündən daha çox agah olmasına səbəb olur və insan ibadətdə və təklikdə Allahın zikrində nə qədər çox qərq olarsa, onun Allaha olan diqqəti çoxalacaq və nəticədə özünü daha yaxşı tanıyacaq.
Bə᾽zi böyük şəxsiyyətlər irfani agahlığa bu yollarla çatıblar. Təqribən əlli il bundan əvvəl Nəcəfi-əşrəfin böyük müctəhid və alimlərindən olan mərhum Hüseynqulu Həmədaninin şagirdi Mirzə Cavad ağa Məliki Təbrizidən bir neçə kitab yadigar qalıb. O, bu kitabların birində bir neçə müqəddimə gətirməklə insanın «özündən agahlığını» izah edərkən «irfani agahlıq» mərhələsinə, yə᾽ni insanın özünü tanıyaraq dərk etməsi bəhsinə çatanda deyir: Mən «özündən agahlıq» hissinə ilk dəfə yuxuda nail olan və həmin hissi oyaq olandan sonra da davam etdirən bir şəxs tanıyıram. Sonra isə həmin mətləbi öz kitabında müəyyən formalarla izah edir. Özündən agahlığın bu həqiqi forması ilahi agahlıqdan yaranmadır və o, həqiqi ibadətdən başqa heç nə ilə əldə edilmir. Psixoloq min il də tədqiqat aparsa bu həqiqi özündən agahlığa çata bilməz.
Əli (ə)-ın çox heyrətləndirici bir cümləsi var. O həzrət buyurur: «Mən, bir şey itirəndə həmişə onun dalınca gəzən, amma özünü itirməsinə baxmayarq onu axtarmayan şəxsə təəccüb edirəm!» O, nə üçün özünü axtarmır? Ey insan! Sən özünü itirdiyini bilmirsən? Get, özünü tap; bu sənin üçün itirdiyin digər şeylərdən daha qiymətli və dəyərlidir.
BİR NEÇƏ İRADA CAVAB
Eksistansialistlərin «Allaha iman gətirmək insani dəyərlərin unudulmasına səbəb olur» sözlərinin cavabında demək lazımdır ki, yad bir şeydə qərq olmaq insanın zati dəyərlərini unutmasına səbəb olur, amma «öz» və kamilliyin eyni olan bir şeydə qərq olmaq insanda dəyərlərin daha da çiçəklənməsinə gətirib çıxarır. Buna görə də ibadət və bəndəçilik məqamında yüksəlmiş şəxslərdə bütün insani dəyərlər güclənir, onların ağılları kamilləşir, eşqləri qüvvətlənir, qüdrətləri artır, ictimai xislətləri, izzət və kəramətləri güclənir; çünki bütün bunlar Haqqın zati təzahürləridir.
Onların «Allaha bağlılıq insanın hərəkətdən qalması və ətalətə düçar olmasına səbəb olur» iddiaları da səhvdir. Onlar elə bilirlər ki, Allah da ağac kimidir və kiminsə Allaha bağlanması, onun məhdud varlığa bağlanması kimidir və o, hərəkət edə bilməz. Cənab eksistansialist! Allah sonsuz həqiqətdir. Məsələn, bir də görürsən ki, insanı yüz ağac eni və uzunu olan yerdə həbs edirlər və bu, insan üçün məhdudiyyət yaradır. Çünki insan deyir ki, mən həmin ərazini gəzib-dolaşdım və onun axırı məhduddur. Amma insanı sonsuz ərazidə həbs etmək onun üçün məhdudiyyət yaratmaq deyil. Sonsuz ərazidə dayanacaq nöqtə yoxdur. Bunun mə᾽nası odur ki, ey insan! Sən sonsuzluğa doğru hərəkət edəndə də kamala doğru gedirsən, Allah-taala elə bir məhdudiyyətsiz varlıqdır ki, bəşəriyyətin ən kamil insanı həzrət Peyğəmbər (s) belə, əbədi olaraq irəliləsə və hərəkətdə olsa sona çatmaz. Allah sonu olan məhdud varlıq deyil və O, bəşəriyyətin yeganə sonsuz tərəqqi meydanıdır.
Salavat barəsində alimlər arasında belə bir söhbət var ki, bizim Peyğəmbərə (s) salavat göndərməyimizin mə᾽nası nədir və onun nə tə᾽siri var ki, biz Allahdan Peyğəmbər üçün rəhmət və xeyir istəyirik? Bir dəstə deyir ki, Peyğəmbər kamil insandır, bəs bizim ona rəhmət istəməyimizin mə᾽nası nədir? Bu sualın cavabında deyilir ki, Peyğəmbər də hər an hərəkətdədir və o, əbədi olaraq getsə də bu yol sona çatmayacaq. Deməli ilahi Zata bağlılıq insan hərəkətinin ətalətə çevrilməsinə səbəb olmur.
HƏDƏF VƏ VASİTƏ NÖVLÜ KAMAL
Digər bir məsələ budur ki, eksistansialistlər hədəflə vasitə arasında səhvə yol veriblər. Azadlıq insan üçün kamaldır, amma o, hədəf olan kamal deyil, vasitə növlü kamaldır! İnsanın son hədəfi azad olmaq deyil. Amma insan öz kamilliyinə çatması üçün azad olmalıdır. Çünki azadlıq ixtiyar və sərbəstliyə malik olmaq deməkdir və insan bütün varlıqlar içində öz yolunu, daha dəqiq desək özünü seçməli olan yeganə varlıqdır.
Deməli, insan azad və muxtardır. Amma sual budur ki, insanın azad olması onun öz kamilliyinə çatması deməkdirmi? İnsan, azadlıqla ən ali kamilliyə çata bildiyi kimi, ən alçaq məqamlara enə bilər.
Muxtar varlığın mə᾽nası cilovu kiminsə əlində olan deyil, öz boynuna atılmış varlıq deməkdir. Bu o deməkdir ki, «Ey insan! Sən bu təbiətin həddi-büluğa çatmış alim varlığısan; səndən başqa bütün varlıqlar həddi-büluğa çatmamış varlıqlardır və onlar başqası tərəfindən idarə edilməlidir.» Biz ona haqq yolu göstərdik. İstər [ne᾽mətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].» (İnsan-3).
Allah-taala buyurur ki, Biz sənə yolu göstəririk, amma hansı yolla getməyi sən özün seçməlisən.
Azadlığın özü bəşəriyyət üçün kamillik deyil, kamillik vasitəsidir, yə᾽ni insan azad olmasa məcbur edilən varlıq kimi kamilliyə çata bilməz. Deməli, azadlıq hədəf deyil, vasitə növlü kamillikdir.
Asilik də belədir. Onlar belə bir nəticəyə gəliblər ki, insan azad olduğu üçün üsyankar və asi ola bilər, yə᾽ni hər bir icbarın qarşısında dayanaraq onu inkar və rədd edə bilər. Sonra isə hər bir iatətsizliyin insan üçün kamal olmasını düşünərək belə nəticəyə gəliblər ki, azad insan heç nəyə tabe olmayan və hər bir şey müqabilində asi olan şəxsdir.
Onlar asi olmağı zati dəyərə malik əməl hesab etdikləri üçün, məktəblərinin zəruri və labüd nəticəsi hərc-mərclikdir. Bəli itaətsizliyə zati dəyər verilən məktəb hərc-mərclik və özbaşınalıq tələb edir. Sarter bu ittihamı özündən və məktəbindən uzaqlaşdırmaq üçün çox çalışıb, amma bacarmayıb. İtaətsizliyi zati dəyərə malik bir şey hesab edən məktəbdə hərc-mərclik və özbaşınalığın olmaması qeyri-mümkündür. İslamda insan üçün müəyyən dəyərə malik olan şey itaətsizlik imkanıdır; yə᾽ni insan üsyan da edə bilər, itaət də; yuxarı da gedə bilər aşağı da! İtaətsizlik etməyən varlıq insandan üstündürmü? Xeyr! O, üsyan edə bilmədiyi üçün bu işi görmür. İtaət və üsyan imkanı bir-biri ilə bərabərdir və bunları etmək imkan və bacarığı insan üçün kamillik sayılır. Digər varlıqlar bu imkana malik deyillər və buna görə də məs᾽ul, azad və muxtar sayılmırlar.
Bəli, insan üçün üsyan və itaətsizlikdən sonra tövbə adlı qapıdan keçmək kamaldır. İnsanın itaətsizlikdən qayıtması ilə Allah-taalanın adlarından biri, yə᾽ni bağışlayan adı gerçəkləşir. Əgər günah və tövbə olmasaydı, Allah-taala heç kəsi bağışlamasaydı da O, yenə də bağışlayan olacaqdı. Asilik tənəzzül, tövbə isə qayıdışdır; Allahın bağışlama sifəti bu tənəzzül və qayıdışla gerçəkləşir.
Hədislərdə deyilir ki, Allah-taala buyurub: «Əgər yer üzündə yaratdığım insanlar üsyan edərək itaətsizlik etməsəydilər, Mən bir daha başqa varlıqlar yaradardım ki, onlar Mənə qarşı itaətsizlik göstərib sonra tövbə etsinlər və Mən onları bağışlayım.»
Deməli üsyan və itaətsizlik zati dəyərə malik deyildir.
Azadlıq icbar və maneənin olmaması deməkdir. Azadlıq kamala çatmaq deyil, heç bir maneə və icbar olmadığı üçün kamillik yolunda hərəkət etmək imkanına malik olmaqdır. Azadlıq kamal deyil, kamalın müqəddiməsidir. Azad və muxtar yaradılmış və yolu üstündəki bütün maneələr götürülmüş, müəyyən yolu getməli olan varlıq azadlıq mərhələsinə çatır, amma bu mərhələyə çatmaq kamilliyin müqəddiməsinə çatmaq deməkdir, yə᾽ni o, kamillik yolunu getməkdə azaddır.
Deməli, bu məktəbin birinci səhvi insanın azadlıq və ixtiyarının Allah adlı bir varlığın vücudu ilə zidd olmasını təsəvvür etməsidir. İkinci səhvi isə, Allaha bağlılığı digər şeylərə bağlılıq kimi güman etməsi və onun da, dəyərlərin tənəzzül, ətalət və donmasına səbəb olmasını fikirləşməsidir. Üçüncü səhvi isə azadlığı insanın mütləq kamilliyi hesab etməsidir, halbuki azadlıq insanın müqəddimə xarakterli kamalıdır.
Azadlıq kamaldırmı? Bəli, bu şübhəsiz elədir. Çünki insan, azadlıq olmasa öz kamilliyinə çata bilməz. Allah insanı elə yaradıb ki, o, öz kamillik dərəcəsinə azadlıq və ixtiyarı ilə çatsın. Kamillik yolunu azadlıq və ixtiyardan başqa digər bir şeylə getmək mümkün deyil. Bu yol icbar və məcburiyyətlə gedilməzdir.
İSLAMİ MƏTNLƏRDƏ AZADLIQ MƏFHUMU
Bir qədər də islamda azadlıq barəsində işlədilmiş ibarətlər barəsində danışmaq istəyirəm. İslam azadlığın insani dəyərlərdən olmasını e᾽tiraf edib. Amma onu uydurma təfsir və ifadələrdəki kimi yeganə dəyər deyil, həqiqi mə᾽nada qəbul edir. Əli (ə)-ın Nəhcül-bəlağədə imam Həsən (ə)-a bir vəsiyyətnaməsi var. Bu vəsiyyətnamə o həzrətin Malik Əştərə yazdığı çox geniş məktubundan sonra ən böyük məktubudur. Həmin vəsiyyətnamənin cümlələrindən biri budur: «Nəfsini [ruhunu] bütün alçaqlıqlardan üstün tut – səni istəklərə çəksə də, çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən, ancaq özünü zəlil edərsən.» Əli (ə) gördüyünüz kimi, «nəfs və ruhunu giriftar etmə» deyil, «nəfsini bütün alçaqlıqlardan üstün tut» deyir, yə᾽ni özünə hörmətlə yanaş və özünü alçalmaqdan və zəlilliklərdən qoru! Qur᾽anın buyurduğu kimi, ən böyük uduzmaq insanın özünü uduzmasıdır. Əli (ə) burada həmin mə᾽naya toxunaraq deyib ki, əldən verilən və satılan hər şey üçün qiymət qoymaq mümkündür; əldə olan hər bir şeyi satmaq və əvəzində ona bərabər pul almaq olar; amma sənin bir şeyin var ki, onu satsan bütün dünyada onun bərabəri olan bir şey tapmazsan və o, sən özünsən, yə᾽ni həmin nəfs və ruhun qiymətsizdir və ona qiymət tə᾽yin etmək qeyri-mümkündür. Əgər sənə ruh və nəfsini satmaq əvəzində bütün dünyanı və onda olanları versələr, yenə azdır və uduzmusan; ona bərabər, onun qiymət və dəyərini ödəyəcək heç nə tapmaq olmaz. «Çünki nəfsini alçaltmağın əvəzində ondan üstün və uca bir şey tapa bilməzsən!»
O həzrətin nəvələrindən olmuş imam Cə᾽fər Sadiq (ə) da belə buyurub: «Mənim ruh, can və «öz»ümlə bərabərlik edə bilən yalnız bir şey var və o, Allahdır. Nəfs və ruhu Allaha sataraq Allahı götürmək mümkündür; amma ondan başqa dünyanın bütün varlıqları arasında, müqəddəs ruhlar aləmi, dünya və axirətdə nəfsə dəyər tapmaq olmaz.»
Əli (ə) həmin məktubunda belə buyurur: «Oğlum, heç vaxt başqasına qul olma, çünki Allah səni azad yaradıb.»
Sizə Nəhcül-bəlağədən başqa bir ibarət nəql edərək söhbətimi sona çatdırmaq istəyirəm. O həzrət söhbətlərinin birində ibadətləri bir-biri ilə müqayisə edərək belə buyurur: «Allaha ibadət edən insanlar üç dəstədirlər: – Bə᾽ziləri qorxudan ibadət edirlər; çünki cəhənnəm və əzabın olmasını eşidiblər. Bunlar Allahın onlara əzab verməməsi üçün Ona ibadət edirlər. Bu qulların ibadətdir. (Bu cür ibadət edənlər qul sifətlilərdirlər ki, onlar ağalarının qorxusundan işləyirlər və bunun digər bir dəyəri yoxdur.)
Bə᾽ziləri isə Allaha behişt tamahı ilə ibadət edirlər. Çünki bunlar da Allahın, ağacları altından çaylar axan, hurilər olan behiştinin olmasını eşidiblər və bilirlər ki, Allah həmin behiştləri ibadət edənlərə verəcək. Onların yadına behiştdəki toyuq əti, zümrüd, lə᾽l-cəvahir və hurilər düşən kimi ibadət etməyə başlayırlar ki, həmin şeylər bunlara da qismət olsun. Bu da tacirlərin ibadətdir; çünki tacir çoxlu pul və mənfəət əldə etmək üçün işləyir.
Amma başqa bir qrup Allaha yalnız şükr etmək üçün ibadət edir. Onlar ibadəti nə behişt tamahına görə və nə də cəhənnəm qorxusundan edirlər. Xeyr, onlar yalnız və yalnız Allahı görür və Onu nəzərdə tuturlar.»
İnsanın insani sifətlərindən biri də təşəkkürdür. İnsanın vicdanı hətta behişt və cəhənnəm olmasa belə, Allaha şükr etməyin zəruriliyini hökm edir. Vicdan ibadətin vacibliyini bildirir.
Məgər Peyğəmbərin (s) mübarək ayaqları çox ibadət etməkdən şişməmişdimi? O həzrətə deyirlər: Ey Allahın peyğəmbəri! «Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq» ayəsi ki, sizin barənizdədir, nə üçün bu qədər ibadət edirsiniz? O həzrət buyurur: «Məgər Allaha ibadət edənlərin hamısı cəhənnəm qorxusu və ya behişt tamahına görə ibadət edir? Mən şükr edən bəndə olmayım?»
Bəli, birinci dəsətənin ibadəti qul ibadəti, ikinci dəstənin ibadəti tacir və muzdur ibadəti, üçüncü dəstənin ibadəti isə azad insan ibadətidir. Əli (ə)-ın məntiqinə əsasən, azad insan hətta behişt və cəhənnəmə belə bağlı deyil, o, behişt və cəhənnəmdə də azaddır və yalnız Allaha bağlıdır.
Mən bir söhbəti də (on üç fəsildən əlavə və yekun olaraq) indiyə kimi dediklərimi bir yerə toplayaraq islamın kamil insanını izah etməyə həsr etmək istəyirdim, amma iş elə gətirdi ki, izah etdiyim məktəblərin nəzərlərini açıqlayarkən islamın nəzərini də bəyan etdim. Bütün dediklərimizdən mə᾽lum oldu ki, birincisi islam təkyönlü məktəb deyil. İslam bütün cəhətləri əhatəli şəkildə görə bilən bir gözə malikdir. İslam, filosofların dediklərini onlardan qabaq deyib; ariflərin gördüklərini onlardan yaxşı görüb; məhəbbət məktəbinin dediklərini artıqlaması ilə deyib; qüdrət məktəbinin gördüyünü daha yaxşı görüb; sosializmin hiss etdiyini ondan yaxşı dərk və bəyan edib; həmçinin azadlıq məktəbinin gördüyü şeyləri daha yaxşı görüb və eyni zamanda bu məktəblərin zəif nöqtələrinin heç biri onda yoxdur. Çox aydın və müəyyən məntiq islam məktəbinin hərtərəfli və kamil olmasını göstərir. İslamın Allah tərəfindən olmasını bizə sübut edən də bunlardır.
Məgər indiyə kimi barəsində söhbət açıdığmız bütün məktəblərin baniləri dünyanın ən dahi şəxsiyyətləri olmayıblarmı? Bəli! Amma görürük ki, onların hamısı islam müqabilində öz dəyərlərini itirirlər. Peyğəmbər (s) hər nə qədər dahi – özü də məktəbə getməmiş və yazı-pozu bilməyən dahi olsaydı belə, öz başından belə sözlər danışa bilməzdi. Deməli, onun insan qüdrətindən üstün və bir mənbədən ilham alması mə᾽lum olur və həmin mənbə, doğrudan da Allahdır. Bu məktəb bütün məktəblərdən üstündür və onun düzgün dəyəri başqa məktəblərlə müqayisə ediləndə, daha yaxşı mə᾽lum olur və aydınlaşır.
Əlhəmdu lillahi rəbbil aləmin!
SON